Aytac Nurəddinova
13/03/2021

Rəqəmlər... Dünya yaranandan bəri fərqli mənalar yüklənilən rəqəmlər, doğum tariximizdən başlayaraq “Perseverance Rover”in eniş tarixinə qədər xüsusi məna daşıyırlar. Açıq-aşkar nə ifadə etdiyini bildiyimiz rəqəmlərdən əlavə özündə xüsusi gizlilik daşıyan rəqəmlər də var. Gəlin, biraz bu sirli dünyaya baxış keçirdək. Düşünürəm ki, təxəyyülünüzdə artıq söhbətin hansı rəqəmlərdən getdiyi canlanmışdır. Bəli, gizli rəqəm deyəndə ağıla ilk gələn 4000 ildir ki, insanların maraq dairəsində olan “Pi” ədədidir. Bu günün, yəni “Pi” Gününün şərəfinə gəlin biraz “Pi” ədədi haqqında danışaq. Hansı ki, “Newton”, “Gauss”, “Fibonacci” kimi məşhur riyaziyyatçılar vaxtlarını onu hesablamağa sərf etmişlər.  Bilənlər üçün təkrar, bilməyənlər üçün isə qeyd edək ki, çevrənin uzunluğunun diametrinə nisbəti bizə “Pi” ədədini verir. “Pi”, yunanca “Dairənin uzunluğu” sözünün ilk hərfidir. Yəni, siz çevrə formasında olan hər hansısa bir əşyanın uzunluğunu diametrinə bölsəniz “Pi” ədədini alacaqsınız. Pizza yeməyə gedəndə bunu yoxlamağa nə deyirsiniz? ;)

Niyə məhz Martın 14-ü “Pi” Günü üçün seçilib? Maraqlı sualdır. Gəlin bir neçə saniyəmizi ayırıb təqvimdə tarixə baxaq: 3-cü ay, 14-cü gün. Hmm, bəs bu bizə nə ifadə edir? Gəlin, təqvimə baxmışkən “Pi” ədədinə də baxaq: π=3,14159. Artıq bir çoxunuza aydın oldu deyə təxmin edirəm. Bəli,” Pi” ədədində ilk üç rəqəm bizdə bu günün tarixini göstərir. Elə məhz buna görə də bu tarix seçilib məntiqlidir elə deyilmi? Bəs 1, 5, 9-u niyə qeyd etdiyimi soruşsanız, bu isə Amerika vaxtı ilə “Pi” Gününün saat 1:59-da başladığını bildirmək üçün idi. Yeri gəlmişkən qeyd edək ki, bu gün həm də əfsanəvi fizik “Albert Einstein”in doğum günü və eyni zamanda digər əfsanəvi fizik “Stephen Hawking”in ölüm günüdür. Görünür ki, 14 Mart tarixinin əhəmiyyətinin nə qədər böyük olduğunu artıq qeyd etməyə ehtiyac yoxdur. :)

“Pi” gününü hər yerdə fərqli qeyd edirlər. Məsələn, bəziləri onun ingiliscə “pay” olaraq tələffüz edildiyindən və onunla eyni tələffüzə malik “piroq” sözü olduğundan, hər bu gün xüsusi piroqu bişirirlər, bəziləri “Einstein”nin doğum günü münasibətilə onun kostyumunu geyinir və s. Ən maraqlı tədbirlərdən biri isə hər il “NASA” tərəfindən keçirilən “Pi in the sky” (Səmada “Pi”) tədbiridir. Bu tədbirdə bizim riyaziyyatdan və formullardan öyrəndiyimiz “Pi” ədədini realda haralarda istifadə edildiyi göstərilir və ona aid bəzi suallar soruşulur. Tədbir ingilis dilində keçirilir.

Riyaziyyat kitablarında və ya başqa mənbələrdə “Pi” ədədi olaraq daha çox 3,14-ü görürük. Lakin, bu irrasional ədədin sonsuz və təkrarolunmayan rəqəmlərdən ibarət olduğunu hər birimiz bilirik. Hətta o qədər sonsuz ki, bu rəqəmlərin arasında sizin doğum tarixiniz, telefon nömrəniz, ən sevdiyiniz rəqəm, hansısa istifadə etdiyiniz kod, bəlkə də hələ də aşkar edilməyən bəzi sirli rəqəmlər gizlənib. Təəccübləndiniz, elə deyilmi? Burada öz doğum tarixinizin və ya sizin üçün vacib olan hansısa rəqəmlərin “Pi” ədədində hansı sırada olduğunuzu hesablamaq üçün link qeyd edirəm: http://mypiday.com/ Bu yaxşılığımı unutmayın ;)

“Pi” ədədindən ilhamlanaraq onu bir sənət əsərinə çevirənlər də var. Rənglərlə rəqəmləri uyğunlaşdıranlar kim, aldığı rənglərlə fərqli formalar yaradan kim. Martin Krywinski və digərlərinin möhtəşəm əsərlərinə baxa bilərsiniz.

“Pi” Günü münasibətilə dünyanın bir çox yerində insanlar “Pi” ədədindəki sonsuz rəqəmlərin bir hissəsini əzbərləməyə və kompüter proqramları vasitəsilə hesablamaqla rekord qırmağa cəhd edirlər. Artıq bu bir növ adət halına gəlib. Əzbərləmə üzrə rekord hindistanlı bir şəxs olan “Rajveer Meena”ya aiddir və o, vergüldən sonra 70000 rəqəm əzbərləmişdir. Proqram vasitəsilə hesablamaq üzrə son rekord isə Google-da developer olaraq çalışan “Emma Haruka Iwao”da qalmışdır. O, 31,4 trilyon pilləyə qədər hesablayaraq rəqiblərini geridə qoymuşdur və bu proses 121 gün davam etmişdir. “Iwao” özü belə rekord qırdığına inana bilmirdi. Bəs siz “Pi” ədədini əzbərləməyə cəhd etmisinizmi? ;)

Beləliklə, ənənəvi “Pi” Gününə xüsusi olaraq sizinlə biraz “Pi” haqqında danışdıq. Ümid edirəm ki, sizin üçün maraqlı və öyrədici oldu. Çalışın siz də bugünü yadda qalacaq şəkildə keçirin.

“Pi” Günümüz mübarək, dostlar!

Oxşar yazılar